Zəbur 48:1-14 AZE2010 - Bible AI

1Allahımızın şəhərində, Öz müqəddəs dağında Rəbb çox əzəmətlidir, Bol həmdlərə layiqdir.

2Şimala tərəf böyük Padşahın şəhəri – Sion dağı ucalığı ilə gözəldir, Dünyanın sevincidir.

3Onun qalalarında Allah Özünü Alınmaz qala kimi göstərmişdir.

4Padşahlar bir yerə yığıldılar, Siona yürüş etdilər.

5Onu görəndə mat qaldılar, Qorxub tez qaçdılar.

6Hamilə qadının ağrısı kimi Canlarına lərzə düşdü.

7Sən şərq küləyi ilə Tarşiş gəmilərini parçaladın.

8Ordular Rəbbinin şəhərində – Allahımızın şəhərində Nə eşitmişiksə, onu gördük, Allah oranı əbədi saxlayacaq. Sela

9Ey Allah, məbədində Məhəbbətin barədə dərindən düşünürük.

10Ey Allah, yerin ucqarlarına qədər Adın həmdə layiqdir. Sağ əlin ədalətinlə doludur.

11Qoy Sion dağı sevinsin. Sənin hökmlərinə görə Qoy Yəhuda qızları şad olsun.

12Sionun ətrafında gəzib-dolaşın, Onun qüllələrini sayın.

13Divarlarına fikir verin, Qalalarına diqqətlə baxın. Gələcək nəslə belə deyin:

14«Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!»

© 2010 Bible Society of Azerbaijan
iv>