Zəbur 77:1-20 AZE2010 - Bible AI

1Allahı səsləyirəm, fəryad edirəm, Allahı səsləyirəm, O məni dinlər.

2Dar günümdə Xudavəndi axtarıram, Bütün gecə durmadan, Könlüm ovunmadan Ona əl açmışam.

3Allahı yada salarkən təlaşa düşürəm, Dərindən fikirləşəndə ruhdan düşürəm. Sela

4Qoymursan gözlərimi yumum, Üzgünlükdən danışa bilmirəm.

5Düşünürəm keçən günləri, Ötən dövranı, illəri.

6Oxuduğum ilahi gecələr yadıma düşür, Ürəyimdə düşünəndə könlüm məndən soruşur:

7«Xudavənd məni əbədilikmi tərk edib? Bir daha məndən razı qalmayacaqmı?

8Məhəbbəti həmişəlik qurtardımı? Vədi nəsildən-nəslə qədər sona çatdımı?

9Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» Sela

10Dedim: «Bu mənim üçün bəladır, Haqq-Taala daha gücünü göstərmir».

11Ya Rəbb, Sənin əməllərini yada salıram, Bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən.

12Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə xəyala dalıram.

13Allahın yolu müqəddəsdir. Allah kimi böyük hansı allah var?

14Xariqələr yaradan Allah Sənsən, Xalqlar arasında qüdrətini göstərmisən.

15Əl uzadıb xalqını, Yaqub, Yusif övladlarını azad etmisən. Sela

16Ey Allah, sular Səni gördü, Səni görən sular qorxdu, Hətta ümmanlar lərzəyə gəldi.

17Buludlar yağışa döndü, Göylərdən gurultular eşidildi, Hər tərəfə oxların töküldü.

18Qasırğanın içindən ildırım çaxdı, Şimşəklər yer üzünə işıq saçdı, Yer lərzəyə gəlib sarsıldı.

19Sən dənizdə, ümman sularda yol açdın, Amma ayaq izlərin məlum olmadı.

20Sən Musa və Harunun əli ilə Xalqını bir sürü kimi aparmışdın.

© 2010 Bible Society of Azerbaijan
iv>